YAXŞI

sif.
1. Müsbət xüsusiyyətlərə və ya keyfiyyətlərə malik olan; öz keyfiyyəti ilə verilən tələbləri təmin edən, lazımi qaydada olan; bəyənilən (yaman ziddi). Yaxşı yeməklər. Yaxşı mal. Yaxşı at. Yaxşı mənzil. Yaxşı xətt. Yaxşı tərcümə. Yaxşı şərait.
// Gözəl, xoş. Yaxşı kitab. Yaxşı musiqiyə qulaq asdıq. Yaxşı təsir bağışladı. Yaxşı şeirlər yazır.

[Gülçöhrə:] Özü yaxşı, sözü yaxşı… Ü.Hacıbəyov.

// Sevimli, mehriban, əziz, istəkli (“mənim” sözü ilə nəvaziş bildirir). Mənim yaxşı oğlum! Mənim yaxşı balam!
// Əlverişli, faydalı, dəyərli, müsbət. Yaxşı məsləhət. Yaxşı nəticə. Yaxşı fikir söylədi.
// Xoş, səfalı. Yaxşı hava. Yaxşı yerlərdə dincəlirik. Yay yaxşı (z.) keçdi.
// Təcrübəli, məharətli. Yaxşı usta. Yaxşı dərzi. Yaxşı mütəxəssis. Yaxşı rəssam.
// Müsbət mənəvi keyfiyyətlərə malik olan; nəcib. Yaxşı adam. Yaxşı qadın. Yaxşı insan.

[Sultan bəy:] Yaxşı adam? Mən! Gəl də!… Gəl qohum olaq, mən də dulam. Ü.Hacıbəyov.

// Dəyanətli, sədaqətli. Yaxşı yoldaş. Yaxşı dost. Yaxşı arvad.
2. Zərf mənasında. Kifayət qədər, lazımınca, əməlli-başlı. Yaxşı oxumaq. Yaxşı tanış olmaq. Yaxşı yazmaq.

[Əsəd bəy:] Hərçənd yoldaş tacirliyin fəndini çox yaxşı bilir. M.S.Ordubadi.
[Usta Məhərrəm:] Özünüz deyin, harda yaxşı qan aldırmaq olar? Ü.Hacıbəyov.
[Əlləzoğlu] şişlərdən döşəməyə yağ damlaları səpələyə-səpələyə, yaxşı bələd olduğu evdə ora-bura vurnuxdu, bufetin qapılarını taqqıldatdı. İ.Hüseynov.

// Tələbələrin biliyinə verilən “orta” qiymətlə “əla” qiymət arasında qiymət – “4”. Fizikadan “yaxşı” almaq. Bütün dərslərindən “yaxşı” alıb.
3. Kifayət qədər, kafi miqdarda (böyüklükdə); çoxlu. Yaxşı qazanc. Yaxşı artım. Yaxşı maaş. Yaxşı pul verirlər.
// məc. Güclü, qüvvətli, bərk, əməlli-başlı. Yaxşı bir yumruq ilişdirdi.
4. Zərf mənasında. Salamat, itkisiz, zərərsiz. Bəladan yaxşı qurtardın.
5. “Yaxşı”, “razıyam”, “sən deyən olsun” mənasında razılıq bildirir. Yaxşı, mən də gedərəm. Yaxşı, sən də gəl. Yaxşı, əzizim, sən deyən olsun.
// Sual cümlələrində.

[Əsgər:] Yaxşı, bəy, fərz edək ki, mən xalamı verdim sənə, bəs əvəzində sən mənə nə verərsən? Ü.Hacıbəyov.

6. “Yadda saxla”, “çox əcəb”, “baxıb görərsən” və s. mənasında hədə bildirir (bəzən təkrarla işlənir). Yaxşı, görüşərik! Yaxşı, yaxşı, gör atana nə deyərəm.
7. İs. mənasında.

Yaxşıların yaxşısısan; Gözəllərin xası, gəlin! Aşıq Ələsgər.

8. Yaxşılıqla şəklində zərf – qalmaqalsız, rahatca, dalaşmadan, mübahisəsiz, əngəlsiz, xoşluqla. Yaxşılıqla çıxıb getdi. Yaxşılıqla məsələ həll olundu.
◊ Yaxşı gün – xoşbəxtlik, xoşbəxt həyat, yaxşı güzəran.
Yaxşı olmaq1) sağalmaq. Xəstə yaxşı oldu. Yara yaxşı oldu.

– …Cəmil ağanın başının ağrısı lap yaxşı oldu. İ.Musabəyov;

2) kinayə tərzində məmnunluq ifadə edir; əcəb oldu. Sənə lap yaxşı oldu.
Yaxşı yol – yola düşən adama xeyir-dua.

Usta Zeynal Mirzə Səfərin oğluna xeyir-dua verib, yaxşı yol ilə müvəffəqiyyət diləyib bir qızıl saat da verdi. Ə.Haqverdiyev.
Qız: “Zəfərlə dönəsən, sənə yaxşı yol!” – dedi. M.Rahim.

Yaxşını pisdən ayırd etmək – işin məğzinə vararaq anlamaq, seçmək; məsələni hərtərəfli yoxlayıb düzgün nəticə çıxarmaq.

Rüstəm kişi Salmanı, cavan olsa da, gözüaçıq, işbacaran, yaxşını pisdən ayırd edən bir adam sayırdı. M.İbrahimov.

Yaxşısı budur ki… – ən münasib, ən məsləhət görülən şey haqqında.

[Zeynal:] Yaxşısı budur ki, bir-birimizdən həmişəlik ayrılaq… S.Hüseyn.

Nə yaxşı, nə yaxşı ki – məmnunluq bildirir. Nə yaxşı, tez gəldin. Nə yaxşı ki, burada olmamısan.

[Mərcan bəy:] Nə yaxşı, razı oldu! Ü.Hacıbəyov.

 

 

YAXŞI nədir? – YAXŞI nedir? – YAXŞI sözünün mənası – YAXŞI sozunun menasi – YAXŞI nə deməkdir? – YAXŞI ne demekdir? – YAXŞI sözünün izahı – YAXŞI sozunun izahi – YAXŞI sözünün istifadəsi – YAXŞI sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.