UC

is.
1. Bir şeyin sivri, şiş, nazik, batıcı tərəfi, kənarı. İynənin ucu. Mıxın ucu. Süngünün ucu.

– Bekar yabanın ucunda bir çəngə alovlu tikan götürüb, bayraq kimi göyə qaldırmışdı. Mir Cəlal.
Səlim qələmin ucunu akta söykəyib oğluna dik baxdı. B.Bayramov.

// Parçanın, paltarın və s.-nin bucaq şəklində olan hissəsi, kənarı. Ətəyin ucu. Brezentin ucu. Xalçanın bir ucundan yapışmaq.

– Kərim baba da palazın bir ucunda Ayrım qızı ilə yan-yana oturdu. A.Şaiq.
Qaragöz tez küncə qaçıb, ucları alaçığın iki tərəfində bərkidilib asılmış balaca nənnini yellətdi. M.İbrahimov.

// Bir şeyin qurtaracaq hissəsi, kənarı, bir başı. Bağın bu biri ucunda. Dünyanın o ucunda. Şəhərin o biri ucunda.

– Qurban Şeytanbazarın ucunda məktub yazan həmşəhərlisi Molla Fərzəlinin yanında oturmuş(du). A.Şaiq.

// Uzun şeyin hər iki qurtaracaq tərəfindən biri; baş.

[Camal bəy:] Xanımlar əllərində uzun ağac ucunda ağ dəsmal duracaqlar qəlbidə. N.Vəzirov.
[Bəyim] bağırsaq kimi çözələnən rezin borunun bir ucunu su kranına taxıb asfaltı yuyurdu. İ.Hüseynov.

// Bir şeyin kənarını təşkil edən kiçicik hissəsi. Burnun ucu. Barmaqların ucu.

– Usta Ağabalanın saqqalı gicgahlarına getdikcə ucları nazilib, gözəl surətdə qulaqlarına yapışırdı. Çəmənzəminli.
[Quşun] yaralı qanadının ucu sallanmışdı. M.Rzaquluzadə.

// Axır, son, intəha.

Cənnət qoxan qırlar, əngin obalar; Bir atlasdır yaşıl, ucu görünməz. A.Şaiq.
[Vəli:] Milin düzündə qoyun korluq çəkər? Allah abad eləsin, ucu yox, bucağı yox. N.Vəzirov.

2. Baş, təpə. Evinizin dalı iydə; İydənin ucları göydə. “Əsli və Kərəm”.

Günəş yaxın dağlar ucundan doğar; Buludları gözəl rənglərlə boyar. A.Şaiq.

3. Ucundan şəklində – …səbəbindən, …üzündən, …ucbatından, …görə.

[Xədicə:] Biçarə Yusif mənim ucumdan nələr çəkibdir. N.Nərimanov.
Sizin ucunuzdan üzümə söz gəlir, siz isə məni ələ salırsınız. Ə.Vəliyev.

◊ Ucu açılmaq – izdihamla gəlməyə, yeriməyə, irəliləməyə başlamaq.

Gözlə ha gözlə, gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Koroğlu”.

Ucundan tut, göyə çıx – çox güclü yağış haqqında.

Gur-gur guruldadı göy, tökdü yağış; Ucundan tut, göyə çıx! R.Rza.

Ucundan tutub ucuzluğa getmək – danışığında hədd-hüdud bilməmək, artıq-əskik danışmaq, sözünün dalını-qabağını bilməmək.

[Surxay:] Mehralı dayı, ucundan tutub ucuzluğa getmə. S.Rəhman.

Ucunu qaçırmaq – hesabı çaşdırmaq, dolaşıq salmaq.
Ucunu tapmaq – həllini tapmaq, həllinə yol tapmaq.
…ucu ilə –
…nəzərə alaraq,
…müvafiq olaraq, …görə.

Əfqanıstan iğtişaş və üsyanından biz hərçənd ki uzağıq, amma zehin ucu ilə deyə bilərik ki, burada ingilis barmağı var. C.Məmmədquluzadə.

Ayağının ucunda – yavaşca, üsulluca, ehmallı, səs çıxarmadan, yeridiyini hiss etdirmədən.

Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb, yatacağına uzandı. Çəmənzəminli.
Ana uşağı oyatmağa qıymayaraq ayağının ucunda evi dolaşdı, işlərini gördü. Ə.Vəliyev.

Baş ucunda – yanında.

Baş ucumda birdən-birə; Qüvvətli bir səs ucalır. N.Rəfibəyli.

Bir ucdan – bir tərəfdən, bir başdan, arasıkəsilmədən, dalbadal.

Zərgər… bir ucdan oğurlar, bir ucdan satar. Q.Zakir.
Arvad kişini bir ucdan hey dürtmələyirdi. S.Rəhimov.

Bir ucu – bir tərəfi, bir tərəfdən. [Şahmar bəy:] Dadaş, bu, yaxşı olmadı.

Bu sözün bir ucu da sizə toxunur. N.Vəzirov.

Burnunun ucunda – lap yaxınında, lap yaxın, yanındaca.
Dilinin ucunda – yadda olub deyiləcək anda yaddan çıxan şey haqqında. Onun adı dilimin ucundadır. Dilimin ucunda idi, yadımdan çıxdı.
Gözünün ucu ilə baxmaq – bax gözucu.

Əlisəfa gözünün ucu ilə pula baxdı. S.Hüseyn.
Mən bilirdim ki, artıq hər şey məhv olmuşdu, lakin yenə də gözümün ucu ilə də olsa, onu görmək istəyirdim. Ə.Məmmədxanlı.

 

 

UC nədir? – UC nedir? – UC sözünün mənası – UC sozunun menasi – UC nə deməkdir? – UC ne demekdir? – UC sözünün izahı – UC sozunun izahi – UC sözünün istifadəsi – UC sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.