is. [
fars. ]
1. Şəhər və ya kənd, qəsəbə və s. içərisində tikilisiz açıq və geniş düz yer, sahə. Bakıda Azneft meydanı.
– Yavaş-yavaş gəlib bir böyük meydana yetişdik. Ə.Haqverdiyev.
Çatıb kəndin meydanına düşdük atlardan; Kənd axışdı yanımıza keçmədi bir an. S.Rüstəm.
2. Ümumiyyətlə, düz və geniş sahə; düzənlik, genişlik. Dağın o tərəfi böyük meydandır.
3. Bir işin icrası üçün geniş sahə, yer. Vuruş meydanı. Döyüş meydanı. Təlim meydanı.
– [Koroğlu:] Yağı düşmənin hərbəsi; Qaçırtmaz meydandan məni. “Koroğlu”.
Gənclərin gücü ilə bir neçə dəfə iməcilik keçirilib, idman meydanı düzəldi. Ə.Sadıq.
4. Obrazlı təşbehlərdə: “geniş”, “enli” mənasında.
Əyilməyib, düzdür onun uca qaməti; Sinə meydan, kürək enli, görkəmi dağdır. Ə.Əlibəyli.
5. Yerlik halda: meydanda – ortada, arada, aralıqda. Meydanda bir səbəb yoxdur. Lazım olan şeylərin heç biri hələ meydanda yoxdur.
// Yönlük halda: meydana – ortaya, araya, aralığa.
Bəli, bizlərdə övrəti boşamaq lazım olanda həmişə meydana bir bəhanə gəlir. C.Məmmədquluzadə.
// Yerlik halda xəbər şəkilçisi ilə: meydandadır – aşkardır, göz önündədir, hamı görür. Onun gördüyü işlər hamısı meydandadır.
6. məc. Fürsət, imkan; əlverişli şərait.
Mahi-ramazandır, yenə meydan da bizimdir! Meydan da bizim, ərsədə cövlan da bizimdir? M.Ə.Sabir.
Bir qız ilən bir gəlinin bəhsi var; Gəlin deyər: – Bu gün meydan məndədir. Aşıq Valeh.
◊ Meydan açmaq – mübarizəyə çağırmaq, döyüşə hazır olmaq, döyüşə girişmək.
Minincə öz Qıratına; Meydan açar əsən yelə. A.Şaiq.
Qəhrəmanım gülümsədi, qüvvət gəldi qəlbinə; Dalğalara sinə gərdi, meydan açdı o yenə. S.Vurğun.
Meydan demək – bax meydan oxumaq.
Meydan deyir qaranlığa; Dayanmadan bir anlığa. S.Vurğun.
Meydan düzəltmək – bax meydan qurmaq.
[Xəlfə:] Gəlin aşaq dağ ardına, orda meydan düzəldək, qoy gəlin-qız burda çalıboynasın. C.Cabbarlı.
Meydan günü – imtahan, sınaq vaxtı, yoxlama zamanı.
Ölənədək dönə bilməz yarından; Meydan günü başın qoyar can ilə. M.V.Vidadi.
Meydan qurmaq – toplaşmaq, bir yerə yığılmaq.
Meydan quraq, söhbət açaq, saz tutaq; Gül yanaqda qoşa xaldan danışaq. S.Vurğun.
Meydan oxumaq – müharibəyə, döyüşə, mübarizəyə çağırmaq, hədələmək.
At oynatdı kuyində hər cahangir bir kərə; Ərəb meydan oxudu şövkətli qeysərlərə. Ə.Cavad.
[Altunbay:] Mən bütün dünyaya meydan oxuyan bir qüvvətə qarşı dura bilmərəm. C.Cabbarlı.
Meydan sulamaq – hökmranlıq etmək, özünü hökmran kimi aparmaq, mənəm-mənəm demək.
Ağacın dibində qanadlarını açıb meydan sulayan çil-çil xoruzu [Qaraş] qovdu. M.İbrahimov.
Cəmiyyətlə şəxsiyyət arasında hər cür ziddiyyətin silinib yox olduğu bir dövrdə Kərəmov meydan sulaya bilməzdi. İ.Əfəndiyev.
Meydan tutmaq – çaşmaq, karıxmaq, özünü itirmək, nə edəcəyini bilməmək. Silanın qəlbi alovlandı.
Onu meydan tutdu. S.Vəliyev.
Meydan vermək – imkan vermək, mane olmamaq, yol vermək, kömək etmək.
[Bəhram:] Yox, verilməz buna meydan; Sarayın öz qanunu var. A.Şaiq.
[Firəngiz Cəbrayıla:] Biz [Musaya] öz fikrini deməyə nə vaxt meydan vermişik? B.Bayramov.
Meydana atılmaq – özünü qabağa vermək, irəli atılmaq.
Bizim … qırxayaq (xərçəng) kimi geri getməyimizin ümdə səbəbi bizim bilamülahizə fikir meydana atıb yalançı pəhləvan kimi oyun çıxartmağımızdır. Ü.Hacıbəyov.
Meydana atmaq – aşkara çıxarmaq, aşkar etmək, hamıya bildirmək.
Meydana buyur (buyur meydana) – döyüşə, vuruşa və ya mübahisəyə dəvət.
[Şah:] Sən bədəfkar və xəbis cəlladsan; Qorxmuram səndən, buyur meydana sən. Ü.Hacıbəyov.
Meydana çıxartmaq – aşkar etmək, göstərmək.
Bizim mollalarımız bu iki ilin müddətində, guya ki, bir özgə şəriət meydana çıxarıblar. C.Məmmədquluzadə.
“Həyat” Mirzədə güclü dramaturqluq istedadının olduğunu meydana çıxartdı. S.Rəhman.
Meydana çıxmaq – aşkar olmaq, zahirə çıxmaq, ortada görünmək.
…Əgər xanım qızlar kişi kimi meydana çıxmasalar, vətən övladının gələcəyə arxayın olmağı çətindir. C.Məmmədquluzadə.
Niyə nuri-həqiqət çıxmayır meydanə bilməm ki… M.Hadi.
Meydana gəlmək – 1) mübahisə, mübarizə meydanına daxil olmaq.
Bircə nolaydı gələ meydanıma; Ta ki, düşə gözləri cövlanıma. S.Ə.Şirvani.
Sədd çəkildi dörd yana; Ağ at gəldi meydana. S.Vurğun;
2) ortaya çıxmaq.
Hamamdan gələndən sonra bəyin başı qırxılmaq məsələsi meydana gəlir. R.Əfəndiyev.
Meydana qoymaq (çəkmək) – ortaya çıxarmaq, üzə çıxarmaq, zahir etmək, açmaq, bildirmək. Məsələni meydana qoymaq.
– Təlxəklər bütün kələklərini meydana qoydular. Çəmənzəminli.
Meydanda olmaq – zahirdə, aşkarda olmaq, göz önündə olmaq.
Meydanda tək qalmaq – köməksiz olmaq, təkbaşına qalmaq.
Bu dəmdə Xəlilə kənardan tamaşa edən olsaydı, onu meydanda tək qalmış və ümidsizlikdən qəddi bükülmüş bir igidə bənzədərdi. M.Hüseyn.
Meydandan qaçmaq – axıra qədər bir işi davam etdirməmək, dala çəkilmək, qorxmaq.
Meydandan qaçana namus, ar olsun! “Koroğlu”.
Meydanı boş (xali) görmək – heç bir maneənin olmamasından istifadə etmək, istədiyini edə bilmək.
Meydanı boş görmüsən? – Gördü meydanı adamdan xali; Hərə bir əzmə şitaban oldu. M.Ə.Sabir.
Meydanı daralmaq – işlənmə sahəsi azalmaq, məhdudlaşmaq.
…Ərəb [əlifbasının] meydanı gündən-günə daralmaqdadır. F.Ağazadə.