ZAVAL

is. [ ər. ]
1. Ziyan, zərər, təbii fəlakət, afət.

Bu körpəcə meynəni qoru hər bir zavaldan; Qoy torpaqda kök salıb bərkitsin öz yerini. S.Rüstəm.

// Bəla, müsibət, xətər, qorxu.

Kahinlər axışından kəşf etmiş istiqbalı; Çox zaman qışqırığın bildirmiş o zavallı. Ə.Cavad.
Hünərdir keçirən bizi hər oddan; Olarmı hünərə zaval, ay Maral! B.Vahabzadə.

2. Yox olma (etmə), tələf olma (etmə), fənaya uğrama (uğratma), məhv olma (etmə); məhv.

Fani cəhanə baxma, keçər, ömrü sevmə kim; Ömrün zəvalı var və cahanın bəqası yox. Nəsimi.
Sizdə olan aldadıcılıq və dostlara yalan satmaq sizin təxt-tacınızın zavalını yaxınlaşdırmaqdadır. M.S.Ordubadi.

3. məc. Zülm, əziyyət, işgəncə mənasında.

Yazıq Ələsgərə çoxdur zavalın; Aparır ağlımı günəş camalın. Aşıq Ələsgər.

◊ Zaval görməmək1) sağ-salamat qalmaq, heç bir bəlaya düçar olmamaq;
2) zərər görməmək, cəzasız qalmaq.

[Pişik] heç bir zaval görməyəcəyini hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.

Zaval olmaz – bax zaval yoxdur.

İynə saçdım divara; Elçi göndərdim yara; Elçiyə zaval olmaz; Özüm elçiyəm yara. (Bayatı).

Zaval tapmaq – xəsarətə uğramaq, ziyan görmək, məhv olmaq, tələf olmaq. Mal-qaranı zaval tapdı.
Zaval vurmaq1) ziyan vurmaq, xəsarətə uğratmaq, zay etmək, məhv etmək. Bostanı zaval vurdu;
2) ölüm gətirmək, fənaya uğratmaq.

Bağımda var gavalı; Başım olub havalı; Əzrail ova çıxdı; Mənə vurdu zavalı. (Bayatı).

Zaval yetirmək1) bax zaval vurmaq. Yağış bağlara çox zaval yetirdi;
2) bədbəxtlik gətirmək, fəlakət gətirmək, məhv etmək.

Bir gün olmaz kim, ona gərdun yetirməz bir zaval. Füzuli.
Bir zaval yetirən şahi-sərvərə; Bir şux sitəmkarə müştaq olmuşam. Aşıq Rəcəb.
Bu dərd, billəm, məni axır öldürər; Günbəgün yetirər zavalə, gözəl! Aşıq Mehdi.

Zaval yoxdur – qorxu yoxdur, xətər yoxdur.

[Əhməd tacirbaşı dedi:] Bizə heç bir zaval yoxdur. Koroğlu”.
[Sozalı:] Axı, arvad üstündə dalaşmayan kişiyə zaval yoxdur. İ.Hüseynov.
[Hümmət:] Əgər bu tufandan qurtarsam, daha mənə zaval yoxdur. B.Bayramov.

Zavala düşmək – bədbəxtliyə uğramaq, bədbəxt olmaq.

Gəlmədi aftabımız, keçdi nəhar nisfdən; Gör ki, mən, ey fələk, bu gün bir nə zavalə düşmüşəm. S.Ə.Şirvani.

Zavala getmək – bax zavala gəlmək.

Mən bilirəm, gedəcəkdir zavalə; Zənəxdan dövründə, üzar yanında. Q.Zakir.
Şamamələr dağda dəyər; Qızılgüllər boynun əyər; Bədnəzər çoxdu, göz dəyər; Gedər zavala gözlərin! Aşıq Məhəmməd.

Zavala gəlmək1) bədbəxtliyə uğramaq, fəlakətə uğramaq, müsibətə düçar olmaq.

Hər günüm bir ildir sənsiz, a bala! Gəlməyəsən, görüm səni, zavala. R.Rza.
[Əlibaba:] Qılıncı qın saxlar, çox sağ ol, bala! Görüm, gəlməyəsən əsla zavala! Z.Xəlil;

2) məhv olmaq, yox olmaq, zail olmaq.

Kasıb dedi: – Maldar, uyma çox mala; Dolanır zamana, gəlir zavala. Aşıq Əhməd.
Elə zərbə vurarıq ki, yağı gələr zavala; Bir zərbə ki qoca tarix görməmişdir yaşından. S.Rüstəm.

Zavala vermək – fəlakətə, məhvə uğratmaq; bədbəxt etmək.

Əbəs yerə bizi verdi zavalə; Oğrun-oğrun bəlalərə həvalə. Q.Zakir.
O mahrudən iraq verdi qəm zavalə məni. X.Natəvan.

Zavala yetirmək – bax zavala vermək.
Zavala yetmək – bax zavala düşmək.

Mənim baxtım yetməz heç vaxt zavala; Ağıl, kamal, tale, izzət məndə var. Aşıq Əhməd.

 

 

ZAVAL nədir? – ZAVAL nedir? – ZAVAL sözünün mənası – ZAVAL sozunun menasi – ZAVAL nə deməkdir? – ZAVAL ne demekdir? – ZAVAL sözünün izahı – ZAVAL sozunun izahi – ZAVAL sözünün istifadəsi – ZAVAL sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.