ZAMAN

is. [ ər. ]
1. Vaxt, müddət. O hadisədən çox zaman keçdi.

– Unudubsan məni xeyli zamandı. Aşıq Ələsgər.
[Birinci əyan:] Bu qədər zaman paytaxtdan ayrıldığı heç yox idi… Ü.Hacıbəyov.
Aradan üç aya qədər bir zaman keçmişdi. S.Hüseyn.
[Beyrək] zamanın yetişdiyini görüb yumruğunu masaya çırpdı. M.Rzaquluzadə.

// Adətən feillərdən sonra – bir hadisənin, işin baş verdiyi və ya baş vermiş olduğu vaxtı, anı bildirir. O, danışdığı zaman mən getmişdim.

– Keçəl Həmzə Çənlibeldə Dürata baxdığı zaman Qıratın da yan-yörəsinə hərlənib özünə mehriban eləmişdi. Koroğlu”.
İkinci şəhər məktəbinə getdiyim zaman Ə.Haqverdiyevlə tanış oldum. A.Şaiq.

// Zəmanə, dövr, vaxt. Yaxşı zamanda yaşayırıq.

– Mirzənin zamanında bazarda ucuzluq idi. Ə.Haqverdiyev.
Zamanmı, insanmı dəyişdi yoxsa. B.Vahabzadə.

2. Fəlsəfədə: sonsuz inkişaf edən materiyanın, vaxtın davamı və ardıcıllığında təzahür edən ümumi obyektiv varlıq forması. Məkan və zaman hər cür varlığın əsas formalarıdır.
3. Qrammatikada: iş və hərəkətin müəyyən vaxtda icra edilib-edilmədiyini bildirən feil şəkli. Keçmiş zaman şəkilçiləri. Qrammatik zaman anlayışı.
◊ Zaman keçdikcə – yavaş-yavaş, vaxt ötdükcə, getdikcə.

Zaman keçdikcə Azərbaycan dili büllurlaşır, lüzumsuz fars, ərəb və osmanlı sözlərindən təmizlənir. M.İbrahimov.
Zaman keçdikcə Teymurun öz çətin işi haqqındakı təsəvvürü get-gedə genişlənir. H.Seyidbəyli.

Zamanın nəbzini tutmaq – dövrün tələbinə uyğunlaşmaq.

Zamanın nəbzini tut ki, nə canandan, nə candan tut; Nəyin vardırsa aləmdə sən öz simana qalxan tut… S.Vurğun.

Zamanla ayaqlaşmaq – həyatdan geri qalmamaq, dövrün tələbincə hərəkət etmək.

…Gələcəyi ancaq zamanla ayaqlaşa bilənlər qazanacaqdı!… M.İbrahimov.

Axır zaman din. – dünyanın axırı.

Dağlar başı dumandır; Elin halı yamandır; Dövran belə dəyişib; Bəlkə axır zamandır? (Bayatı).

Bir zaman1) vaxtı ilə, bir vaxt, əvvəllər, keçmişdə. Bir zaman onlar yaxın dost idilər.

– Bir zaman oldu bir belə qovğa; Külək ilə gün etdilər dəva. A.Səhhət;

2) az müddət, bir müddət, bir qədər vaxt. Bir zaman durub gözlədim.

– Nə xoşdur bir zaman bir dilbərin eşqində yar olmaq; Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq. S.Ə.Şirvani.

Çox zaman – tez-tez, çox vaxt.

Çəkinərək çox zaman, söhbəti dəyişəydin; Mənimlə əyişəydin. M.Müşfiq.

Eyni zamanda – bir vaxtda, eyni vaxtda, bununla birlikdə, həm də.

O zaman ki özümüz olduq öz dustağımız; Qəlbimizə sığındı üç rəngli bayrağımız. B.Vahabzadə.
On yeddi yaşı yenicə tamam olan Güləsər isə başına gələn əhvalatdan heç nə anlamır, elə buradaca, kolun dibində dəhşətli və eyni zamanda cazibədar bir maraqla gözlədiyi əhvalatın baş verəcəyindən qorxurdu. İ.Şıxlı.

Heç bir zaman – əsla, qətiyyən, heç vaxt.

[Səlim:] Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid.
[Aslan bəy:] Yox, bir söz dedimi, heç bir zaman unutmaz… C.Cabbarlı.
Ancaq onu da deyim ki, mən heç bir zaman ölümdən qorxmamışam. M.Hüseyn.

Heç zaman – heç bir vaxt, əsla, qətiyyən. Onu heç zaman unutmaram.

– Dünyadan heç zaman kəsilməyəydi; Gözəl, şən nəğməli bu quş səsləri. N.Rəfibəyli.

Hər zaman – daim, həmişə, hər vaxt.

Plov hər zaman hazırdır, – deyə Firəngiz oyalanıb qəti bir qərarla dilləndi. S.Rəhimov.

Nə zaman – haçan, havaxt.

Qovuşub bahara yaşıl bağçada; Belə bəzənmisən nə zaman, budaq? M.Dilbazi.

O zaman ki – o vaxtda ki… onda ki…

 

 

ZAMAN nədir? – ZAMAN nedir? – ZAMAN sözünün mənası – ZAMAN sozunun menasi – ZAMAN nə deməkdir? – ZAMAN ne demekdir? – ZAMAN sözünün izahı – ZAMAN sozunun izahi – ZAMAN sözünün istifadəsi – ZAMAN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.