YOX

əd.
1. Xəbər mənasında. Bir şeyin hazırda, yaxud ümumiyyətlə olmadığını bildirir (var ziddi). Yeməyi bol, iştahası yox. – Var evi – kərəm evi; Yox evi – vərəm evi. ( Ata. sözü ).

Yox vaizin sözünə sözüm kim, behişt var; Kuyin bir özgə, cənnəti-didarın özgədir. Qövsi.

// Həmin mənada adətən yoxdur şəklində işlənir. Evdə heç kəs yoxdur. Zalda boş yer yoxdur. Bu barədə heç bir şübhə yoxdur.

[Əsgər:] Görünür ki, heç bir yol yoxdur. Ü.Hacıbəyov.
Yoxdur təbiətdə bu ayrılıqlar; Bütün kainatın bir ahəngi var. S.Vurğun.
Ay süd kimidir… Bir ləkə yoxdur bənizində; Yerlər də çimir sanki bu dəm nur dənizində. B.Vahabzadə.

2. Suala mənfi cavab və ya bir şeylə razı olmamağı bildirmək üçün işlənir (hə, bəli ziddi). – Bu axşamkı tamaşaya biletin varmı? – Yox. – Sənə nə olub, xəstə deyilsən ki? – Yox. – Sən bununla razısanmı? – Yox. – Gedəcəksən, ya yox? – Yox, hələ dayan, fikirləşmək lazımdır.
// İnkar edilən şeyin təkrarlanması ilə. – Sabahkı qonaqlığa gələcəksənmi? – Yox, gəlməyəcəyəm. – Bu işi iki günə görüb qurtarmaq olarmı? – Yox, olmaz.

[Aslan bəy:] Yox, hələ də gəlməmiş. C.Cabbarlı.
[Süleyman:] Yox, xala, daha bu qədər dul qaldın bəsdir. Ü.Hacıbəyov.

// Ümumiyyətlə, etiraz, narazılıq bildirmək üçün işlənir (bəzən təkrar şəklində). Yox, yox, buna dözmək olmaz. Yox, yox, razı deyiləm.

– Yox, yox, mənim fikrimə başqa şey gəlir. Ü.Hacıbəyov.
Yox, yox, bəsdir, qarı nənə; Bu sözləri demə mənə. S.Vurğun.

// Söylənmiş fikri, sözü düzəltmək üçün işlənir. Dur get, sabah axşam gələrsən. Yox, ertəsi gün. Bu saat sənə deyim. Yox, özün tap. – Yox, o ağlamırdı.

Göynəyirdi. M.Hüseyn.

// Bir şeyi rədd və ya qadağan etməyi bildirir. – Söz verirəm ki, … – Yox, söz-zad vermə. – İstəyirəm ki, görüşünə gəlim. – Yox, sən gəlmə, mən özüm gələrəm.
// Cümlədə inkar bildirən xəbərin, yaxud söz birləşməsinin əvəzində işlənir. O deyir ki, bu saat getmək lazımdır.
Mən deyirəm – yox. Sən onu çox dərin adam hesab edirsən.
Mən – yox. Bax gör, qayıdacaq, ya yox.
3. İs. mənasında. Yoxa çarə yoxdur. Yoxun üzü qaradır. Yoxdan bir şey ortaya çıxarmaq.

– Verdilər knyaza “yox” xəbərini; Ovuşdurub bir az o, əllərini; Əmr etdi qoşuna: “Vurun birbaşa!” H.K.Sanılı.

4. Bağl. mənasında. Deyil. Ona dağ havası yox, dəniz havası xeyirlidir. Bu məsələ tək bizi yox, bütün kollektivi düşündürür.

– Amma tək biz yox, bütün əhali qıtlıqdan əziyyət çəkirdi. M.Hüseyn.
Maya uşaqlıqdan atı sevərdi, lakin yükdaşıyan qoşqu atlarını yox, yallı-yəhərli minik atlarını. M.İbrahimov.

5. Yoxam şəklində – sevmirəm, acığım gəlir, xoşum gəlmir (varam ziddi). Mən buna yoxam.
6. Yoxdur şəklində – 1) cümlədə işi bildirən xəbər mənasında;
2) özündən əvvəlki sözün mənasına müsbətlik çaları verir. İstisuyun yay aylarında hüsnü yoxdur.
◊ Yox a! – təəccüb, heyrət bildirir. – Az qala yıxılmışdım. – Yox a! Yox demək – mənfi cavab vermək, rədd etmək, qəbul etməmək.

[Rüstəm bəy:] Qızım, yox deyirsən? Ü.Hacıbəyov.

Yox deyil – vardır, mövcuddur, yaşayır.

Yox deyil dünyada; namərd dost, kəmfürsət adam. R.Rza.

Yox etmək – puça çıxarmaq, heçə çıxarmaq, məhv etmək, boş yerə sərf etmək.

Varın yox edən sərrafa əvvəl nəzərin var; Sonra həzərin var. M.Ə.Sabir.
Qaranlıq gecədə buradan qaçaq; Bizi yox etməyi yağı arzular! H.K.Sanılı.

Yox olmaq1) çıxıb getmək, gözdən itmək;
2) itmək, yoxa çıxmaq, gözdən itmək.

Çoxdandır ki, bu kağız bizim evimizdən yox olmuşdu. M.S.Ordubadi.

Hamımız alaçıqdan çıxdıq.

Qızılquş yox olmuş, uçub getmişdi. A.Şaiq.
Səlimnaz arvad gəldiyi kimi də yox oldu. M.Hüseyn;

3) çəkilmək, görünməz olmaq;
4) tükənmək, bitmək.

Yox oldu səbrü sükun həsrəti-dəhanində; Qəmündə qarət olub hər nə var, ey xaliq! S.Ə.Şirvani.

Yox olmuş – qarğış ifadəsi.

Neyləyim, axır, bu yox olmuşların; Fikrini qanqan görürəm, qorxuram. M.Ə.Sabir.

Yox olsun! – məhv olsun! rədd olsun! Yox yerə – bica, əbəs, nahaqdan, səbəbsiz, heç bir səbəb olmadan.

Aldı əqlü huşumu şövqi-dəhanı dilbərin; Getdi əldən yox yerə məcmui-varım, ey könül! S.Ə.Şirvani.

Yoxa çəkilmək – tapılmamaq, qıtlaşmaq.
Yoxa çıxmaq – görünməmək, itmək, qeyb olmaq, yox olmaq.

Neçə böyük cəzirələr yoxa çıxdı dənizlərdə. N.Rəfibəyli.

Yoxdan var etmək – heç bir şeydən yaxşı bir şey vücuda gətirmək, yaratmaq.
Yoxdan yaranmaq – çox arıq, cılız adam haqqında.
Bu gün var (varam, varsan), sabah yox (yoxam, yoxsan) – həyatın müvəqqətiliyi haqqında.
Heç yox – bax heç.
Nə var, nə yox? – bax var 1 Nə yoxdur – hər şey var. Mağazalarda nə yoxdur.
Söz yox – bax söz.
Söz yoxdur – bax söz.

 

 

YOX nədir? – YOX nedir? – YOX sözünün mənası – YOX sozunun menasi – YOX nə deməkdir? – YOX ne demekdir? – YOX sözünün izahı – YOX sozunun izahi – YOX sözünün istifadəsi – YOX sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.