is. [
ər. ] İşlənən, sərf olunan pul; məsarif, məsrəf, məxaric.
[Məşədi İbad:] A kişi, axı bunun bir anbar da toy xərci var. Ü.Hacıbəyov.
Buna görə də Hacı Səmsamın gəliri xərcini güclə ödəyirdi. P.Makulu.
// Sərf olunacaq pul.
Demək, Mirzə Qədir Nəsirin evlənmək xərcini verməklə işin içindən çıxa bilməyirdi. S.Hüseyn.
[Bayraməlibəyov] bütün xərci öz boynuna götürür və yazırdı ki, əgər razı olsalar, indidən bilet satmağa başlayar. S.Rəhman.
□ Xərc aparmaq – çox pul sərf edilmək, çox xərc tələb etmək, baha başa gəlmək.
Ağarəhim bilmirdi ki, maşın nə qədər xərc aparacaq. İ.Şıxlı.
Xərc etmək (çəkmək) – xərcləmək, pul sərf etmək.
[Mustafa bəy:] Mən xərc çəkmişəm, pul tökmüşəm, qabıq qoyub, kəhriz çıxartmışam. Ə.Haqverdiyev.
[Rzaquluxan:] Qızım, çox şad oluram ki, sənə xərc etdiyim pullar hədər getməyibdir. M.S.Ordubadi.
Oğlan yengəsi qız evinə güclü xərc çəkib, “yengə xonçası” göndərər. R.Əfəndiyev.
Xərcə salmaq – pul xərcləməyə məcbur etmək, çox pul xərcləməsinə səbəb olmaq; pul xərclətmək.
[Nazlı Mustafaya:] [Ev sahibləri] çay təklif eləsələr mən içməyəcəyəm, sən də içmə, kasıb adamdılar, niyə xərcə salaq? Ə.Məmmədxanlı.