is. [
ər. ]
1. Susma, danışmama, dinməmə.
// Sakitlik.
Bir qədər sükutdan sonra Tahir söhbətin mövzusunu dəyişdi… M.Hüseyn.
Gör nələr danışır o qərib sükut; Bəli, sükutun da öz dili vardır. N.Xəzri.
□ Sükut etmək – dinməmək, danışmamaq, susmaq.
Heç yazmayım, dedim, istəyim söndü; Qələm sükut etdi, könlüm düşündü. Ə.Cavad.
Bəxtiyar-bəxtiyar açılar səhər; Dünya sükut edib səni dinləyər; Sən danışanda. N.Xəzri.
Sükuta dalmaq (batmaq), sükuta qərq olmaq – bax sükut etmək.
Dostlar … gözlərini bir-birinə zilləyib, sükuta daldılar. M.Hüseyn.
Birdən-birə aləm sükuta dalır. Mir Cəlal.
Sevgisiz, yoldaşsız bir gözəl kimi; Sükuta qərq olub yaşardın, əlbət. M.Dilbazi.
Sükuta getmək – bir müddət danışmamaq, dinməmək, səsini çıxarmamaq.
Cənnətəlinin … məzəli hoppanmalarının bəxş etdiyi təsir sayəsində cavanlar bir müddət sükuta getdilər. Çəmənzəminli.
Sükutu pozmaq – danışmağa başlamaq, sakitliyi pozmaq.
Kənarda dayanıb deyilənlərə qulaq asan Mürsəl sükutu pozdu. Ə.Vəliyev.
Müəllim sükutu pozdu. S.Vəliyev.
2. Aram, rahatlıq.
Dilbər, sən gedəndən bəri könlümün; Nə səbri, sükutu, nə qərarı var. Q.Zakir.