is. [
ər. ]
1. Müəyyən hazırlıq tələb edən və sahibinin yaşaması üçün əsas mənbə sayılan əmək fəaliyyətinin bir növü; peşə. Özünə sənət seçmək. Sənət öyrənmək. Sənətini dəyişmək.
– [Yusif] usta Xəlilin yanında qırx yaşında ikən sərraclıq sənətini bir il müddətində öyrənib Qəzvinə müraciət etdi. M.F.Axundzadə.
[Qurban Nənəxanıma:] [Şaqqulunu] istəmişəm sənətə qoyam ki, avara qalmasın, demisən ki, o neynir sənəti, cavan uşaqdı, qoy böyüsün. Çəmənzəminli.
…Qulam müəllim bütün sənətlər içərisində öz sənətini [müəllimliyi] çox yüksək tuturdu. S.Rəhimov.
// İş, peşə, məşğuliyyət.
Hacının sənəti hamamçılıq idi… C.Məmmədquluzadə.
Gördü ayı kəndli çəkir zəhməti; Var əcəb asudə, asan sənəti. // A.Səhhət.
Gəmi muzdurçuluğu … çox ağır sənətdir. S.M.Qənizadə
// Məc. mənada.
[Sultan bəy:] Qərəz ki, təklik bir sənət deyildir. Ü.Hacıbəyov.
Yaxşılıq insana bir sənət olsun; Dünya başdan-başa qoy cənnət olsun. S.Vurğun.
2. İncəsənətin qollarından hər biri. Musiqiçilik gözəl sənətdir. Bədii sənətin gücü. Sənət əsəri.
– Əsil tamaşaçılar [Səttarzadəni] görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha xatırlayırlar. Mir Cəlal.
3. bax sənətkarlıq 2-ci mənada.
◊ Sənət məktəbi – ixtisaslı fəhlə hazırlayan məktəb.
[Aslan:] Mən sənət məktəbini təzə qurtarmış ustaların briqadiriyəm. S.Rəhman.
Sənət məktəbinə məxsus göy rəngli paltar Həsənlə Lətifə çox yaraşırdı. H.Seyidbəyli.