QƏLƏM
1. Mürəkkəbə batırıb yazmaq üçün ucu şiş və yarıq yazma aləti. Dəmir qələm. Qələmi əlinə alıb yazdı. – Qələm yazanı qılınc poza bilməz. ( Ata. sözü ).
// Polad qələmlər ixtira edilməmişdən qabaq qamışdan, qaz lələyindən hazırlanan yazı aləti. Qələm əyri kəsilsə də, doğru yazar. ( Ata. sözü ).
// Karandaş.
2. məc. Yazma qabiliyyəti, inşa qabiliyyəti, üslub; yazı. Onun gözəl qələmi vardır.
// Yazıçılıq simvolu kimi işlənir.
□ Qələm əhli – bax qələm sahibi.
Qələm sahibi – fikrini yazıda yaxşı ifadə edə bilən adam; yaxşı üslubu, mühərrirlik qabiliyyəti olan adam; yazıçı, mühərrir.
Qələm yoldaşı – birisi ilə bir yerdə yazı işində çalışan, yazıçılıq, mühərrirlik edən; həmkar.
3. Metal, daş, taxta və s. kimi bərk cisimlərin üzərində yazı yazmaq, naxış açmaq və s. üçün poladdan düzəldilmiş ucu iti alət. Yazıçı qələmi. Heykəltəraş qələmi. Möhürqazan qələm.
// Dəmir kəsmək üçün ağzı iti polad alət.
// məh. Odun yarmaq, daş sındırmaq və s. üçün dəmir alət.
4. k.t. Peyvənd üçün qələm kimi kəsilmiş nazik şiv. Qələm vurmaq. Peyvənd qələmi (ağaca calanacaq budaq parçası). Calaq üçün götürülən bitkinin calandığı bitki calaq və ya qələm adlanır.
□ Qələm etmək (eləmək) – 1) k.t. peyvənd etmək, calamaq;
2) ucunu qələm kimi kəsmək, sivriləşdirmək.
Qələm olmaq – peyvənd olmaq, calanmaq, cinsi yaxşılaşdırmaq. Qələm olmuş cır alma.
// Ot, taxıl çalındıqdan sonra, onların yerdə qalan ucuşiş kök hissəsi. Ayağıma qələm batdı.
// Cavan ağac, fidan. Qələm basdırmaq.
5. köhn. Cür, növ. Beş qələm şey.
6. Lələk (quşlarda).
◊ Qələm çalmaq – yazmaq, yazıb tərifləmək.
Qələm çəkmək – pozmaq, adını silmək, yaddan çıxarmaq, adını çəkməmək.
Qələm işlətmək – yazmaq.
Qələm qaş şair. – sanki qələmlə çəkilmiş incə, gözəl qara qaş.
Qələm qatmaq – yazılan bir yazıya təshih və ya təhrif məqsədi ilə əlavələr etmək, pozub düzəltmək, üzərində işləmək.
Qələm olmaq – sınmaq, kəsilmək.
Qələmdən düşmək – yaddan çıxmaq, adı çəkilməmək, yada salınmamaq, sayılmamaq.
Qələmə alınmaq – yazılmaq, inşa edilmək, təsvir edilmək.
Qələmə almaq – bir mövzu ətrafında bir şey yazmaq, inşa etmək, yazmağa başlamaq, təsvir etmək.
Qələmə vermək – bir adamın adını yaxşılıq, yaxud yamanlıq ilə birinin yanında çəkmək və ona tanıtmaq. Sənin adını pis qələmə veriblər. O, yaxşı qələmə verilmişdir.
Qələmindən çıxmaq – tərəfindən yazılmaq, inşa edilmək. Sənətkarların qələmindən çıxmış ölməz əsərlər.
QƏLƏM nədir? – QƏLƏM nedir? – QƏLƏM sözünün mənası – QƏLƏM sozunun menasi – QƏLƏM nə deməkdir? – QƏLƏM ne demekdir? – QƏLƏM sözünün izahı – QƏLƏM sozunun izahi – QƏLƏM sözünün istifadəsi – QƏLƏM sozunun istifadesi