sif. 1. İçi xarab olmuş, ləpəsi quruyub yeyilməz hala düşmüş. Puç fındıq (qoz, badam).
2. məc. Boş, heç, fani, axırı olmayan.
Ey Vidadi, sənin bu puç dünyada; Nə dərdin var ki, zar-zar ağlarsan? M.P.Vaqif.
Həyatın mənası çalışmaqdadır; Əməksiz bir ömür puçdur, saxtadır. R.Rza.
□ Puç etmək (eyləmək) – məhv etmək, puça çıxarmaq, heç etmək, heçə çıxarmaq.
[Hacı Nuru şair:] Sənin atan usta Rəhman dəllək, ülgüc, bülöv ilə məqul dövlət qazandı, sənsə puç etdin. M.F.Axundzadə.
Puç eylədin, övrət, bu gözəl, sadə insanı! M.Ə.Sabir.
[Xədicə:] Necə ağlamayım ki, illər ilə bəslədiyim məhəbbəti ruzigar puç etmək istəyir. N.Nərimanov.
Puç olmaq – məhv olmaq, puça çıxmaq, heç olmaq.
Amma elə ki, [Əmiraslanın] var-yoxunun hamısı eyş-işrətə qoyulub puç oldu, Gülpərini almaq fikrinə düşdü. S.S.Axundov.
[Şahmar:] Mənim arzularım, gör necə puç oldu, kül kimi göyə sovruldu! B.Bayramov.
Puça çıxarmaq – bax puç etmək.
Düşmənin məftil hasarını dağıtmaq, puça çıxarmaq vəzifəsini Fərhadın vzvoduna tapşırılmışdı. Ə.Vəliyev.
Puça çıxmaq – bax puç olmaq.
Bu il çox yerlərdə quraqlıq keçir və əkinlər susuzluqdan yanıb puça çıxır… C.Məmmədquluzadə.
Şahpərinin ümidi də puça çıxdı. B.Bayramov.