[
ər. ]
1. sif. Hər kəslə mehriban olan; ünsiyyətli, mehriban; istiqanlı. Munis adam.
– [Xədicə] olduqca xoşsöhbət, … genişqəlbli, munis və mehriban bir qız idi. S.Hüseyn.
Könüllər yolçusu, o munis gözəl; Min ürək fəth edir hər keçən anda. S.Vurğun.
2. is. Yaxın adam, mehriban dost, sirdaş, ürək dostu.
Dilbərim, yarım, əzizim, qəmküsarım, munisim; Can şikarım, sevgili yarım canımın cananıdır. Xətayi.
[Pəri xanım:] Kimə dərdimi söyləyim? Yoldaş yox, munis yox, həmdəm yox. Ə.Haqverdiyev.
□ Munis olmaq – ürək dostu olmaq, ən yaxın yoldaş, sirdaş yerini tutmaq, mehriban olmaq.
Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir; Didələr oldu həmin munisü qəmxar mənə. Q.Zakir.
Bu gün gülən yarın ağlar, saqın, öyünmə, düşün! Düşün də, munis ol! İncitmə, qırma kimsəni sən!… H.Cavid.
// Sevgili, istəkli, məhbubə.
[Rəhim:] …Ağa, Allah xatirinə mənim munisimi əlimdən alma. N.Vəzirov.
Deyəsən, Vahid [Rübabənin] həmişəlik və əvəzsiz munisi olmuşdur. Mir Cəlal.
3. sif. məc. Xoş, fərəhverici, ürəyəyatan, ruhu oxşayan. Munis gecə. Munis mənzərə.
– …Baharın həyatverici munis günəşi dağların arxasında gizləndiyindən ətrafa həzin bir axşam qaranlığı sinməkdə idi. S.Hüseyn.
[Nuriyyə:] Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. İ.Əfəndiyev.