is. [
fars. ]
1. Bal arılarının hazırladığı və şan düzəltmək üçün istifadə etdikləri maddə, habelə ona oxşar bitki maddəsi. Arı mumu. Bitki mumu.
– [Mirzə Heydər:] Heç bir az mum olarmı səndə? Ə.Haqverdiyev.
□ Mum kimi – 1) qatı; bərk olmayan, yumşaq.
Usta baxdı ki, doğrudan da bu daş mum kimi bir şeydir. “Koroğlu”.
Uşağın bədəni mum kimi bir şeydir. N.Vəzirov;
2) məc. asan, tez başa gələn, az zəhmət tələb edən.
Mədəd indi anlayırdı ki, mübarizə mum kimi yumşaq olmağı demir. S.Rəhimov.
2. köhn. Şam. Mum yandırmaq.
– Gecənin üç payı keçmiş, mumlar, çıraqlar sönmüş, təbiəti matəməngiz bir zülmət bürümüşdü. A.Şaiq.
◊ Mum gün üçün – dar gün üçün, ağır gün üçün. Mum gün üçün saxlamaq.
Mum kimi ərimək (sönmək) – bax muma dönmək 2-ci mənada.
Hər gecə mum tək əridim, yandım odlara. S.Ə.Şirvani.
Layiqmi, o bir mum kimi sönsün; Heçdən silinən kölgəyə dönsün? H.Cavid.
Cavan ömrüm bir mum kimi sönərkən; Çıxıb verdim şimşəklərə könlümü. M.Müşfiq.
Mum olmaq – bax muma dönmək 1-ci mənada.
Dərd əlindən solmuşam; Saç-birçəyim yolmuşam; Axır bu eşq yolunda; Əriyib mum olmuşam. (Bayatı).
Muma dönmək – 1) bəzən “yumşalıb” feli ilə – ram olmaq, yumşalmaq.
[Camal:] Çəkərəm [Yusifi] yuxarıya, yumşalıb muma dönər. S.Rəhman.
[Zərnişan Səlimə:] Elə isə Əlikramın üç şirin kəlməsi ilə niyə belə muma döndün, andınıamanını unudub [Əlikrama] təzədən qardaş oldun? B.Bayramov;
2) çox vaxt “saralıb” feli ilə – saralmaq, zəifləmək, üzülmək, candan düşmək, çox arıqlamaq.
Karvansaraçı gördü, balam, bu dostu günü-gündən saralıb muma dönür. (Nağıl).
Fikir və xəyalatdan [Mahmud] saralıb muma dönmüşdü. B.Talıblı.