is. [
ər. ] Mexanikanın əsas kəmiyyətlərindən biri – bir cisimdə olan maddənin miqdarını ölçən əsas kəmiyyət; cismin, ona təsir edən qüvvəyə nisbətlə inersiyalılığın ölçüsü.
2. tex. Formasız, xəmirvari qatı və ya yarımqatı maddə. Yapışqan kütləsi. Yaşılımtıl qatı kütlə. Ağac kütləsi (kağız hazırlamaq üçün yarımfabrikat).
– Nəmli qatışığa … şam yağı əlavə edib, kütlə hazırlayırlar. R.Əliyev.
3. Böyük parça, kom, yığın, qalaq.
[Muzdur] …kağız …yüzlük dəstəsini kütləsilə əlinə aldı. S.Qənizadə.
Faydalı qazıntıların bəziləri böyük kütlələr şəklində, bəziləri ayrı-ayrı damarlar, səpələnti və sairə şəkildə tapılır. M.Qaşqay.
4. Əhalinin, xalqın böyük bir topluluğu; əhalinin, zəhmətkeşlərin geniş dairələri; camaat. Kütlənin tələbi (iradəsi).
– [Almaz:] Kütləyə əsaslanmayan hər bir təşəbbüs ölümə məhkumdur. C.Cabbarlı.
Ey geniş kütlənin acısı, şərbəti; Alovlu sənəti! M.Müşfiq.
Kütlədə qəbiristan sükutu davam edirdi. H.Nəzərli.
// Ümumiyyətlə, camaat, xalq, əhali, böyük izdiham. Kütləyə müraciət etmək.
– Musa kişi maraqla kütlənin içərisinə girmək istəyən Firidunu qarşıladı. M.İbrahimov.
// Müəyyən xüsusiyyətlərinə görə birləşən adamlar qrupu; zümrə. Tələbə kütləsi. Ziyalı kütləsi.
– Geniş oxucu kütləsi böyük satiriki “Molla Nəsrəddin” adı ilə tanımağa başladı. M.İbrahimov.
Böyük bir yarımdairə halında toplaşmış iştirakçı və tamaşaçılar kütləsinin mərkəzində bir masa qoyulmuşdu. M.Rzaquluzadə.