DAŞ
1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur). Küçələrə daş döşəmək.
// Həmin kütlənin tikinti materialı kimi işlədilən ayrı-ayrı kiçik hissəsi, parçası.
□ Daş kəsmək (çapmaq çıxarmaq) – iri sal qayalardan tikinti üçün daş doğramaq.
2. Bıçaq və s. itiləmək üçün bülöv, ya daş çarx.
□ Daşa çəkmək – daşda itiləmək.
3. Kitabə, başdaşı, qəbirdaşı.
4. Daşdan qayrılmış, daşdan tikilmiş, daşdan hörülmüş, daşdan yonulmuş. Daş ev. Daş hasar. Daş pilləkən. Daş körpü.
// Daş döşənmiş, daşla örtülmüş. Daş küçə.
5. Bəzək üçün işlədilən firuzə, yaqut, almaz, brilyant və s.-yə verilən ümumi ad; daş-qaş. Sibir daşı. Üzüyün daşı.
6. Dama, nərd və b. oyunlarda ağac, sümük və s.-dən qayrılmış fiqurlardan hər biri.
// Şahmat oyununda: piyadalardan əlavə olan 8 fiqur. Şah şahmat oyununda əsas daş hesab olunur.
□ Daş-daşa – şahmat və dama oyununda: heç-heçə qurtarma.
Daşa getmək – domino oyununda; yerdən əlavə, təzə daş götürmək. Beş dəfə daşa getdi.
7. Hesab sayğacındakı dənələrdən hər biri. Hesabdar bir-birinin arxasınca daha üç daş çəkdi.
8. Tərəzi daşı. Birkiloluq daş.
9. tib. Bədənin bəzi daxili orqanlarında (məs.: böyrəkdə, qara ciyərdə, öd kisəsində və s.-də) yığılıb daşlaşan maddə. Qara ciyərdə daş əmələ gəlmək. Böyrəyində daş var.
10. məc. Rəhmsizlik, mərhəmətsizlik, amansızlıq, çox sərtlik, hissizlik mənasında. Daş ürək.
11. məc. Çox bərk, çox sərt, çox möhkəm şey haqqında (çox vaxt “kimi” sözü ilə).
◊ Daş atıb başını tutmaq – qəti surətdə danmaq, boynuna almamaq, inkar etmək, rədd etmək.
Daş atmaq – 1) kinayə ilə demək, tənə vurmaq, söz atmaq, sataşmaq. O, kimə daş atır? – Ay daş atan bəxtəvər, daşın da bir vaxtı var. (El sözü);
2) əlindən çıxarmaq, axırına çıxmaq. Var-yoxa daş atmaq. Pullarına daş atdı.
Daş basma(sı), daş çapı – daş üzərinə salınmış yazıları çap etmə üsulu, litoqrafiya üsulu ilə kitab çapı.
Daş daş üstə qalmamaq – tamamilə dağılmaq, uçulub yerlə bir olmaq, alt-üst olmaq.
Daş dövrü (əsri) tar. arxeol. – ibtidai icma quruluşunun, daşdan müxtəlif alətlər hazırlanması ilə səciyyələnən dövrü.
Misirdə, Assuriyada və Babilistanda əkinçilik və maldarlıq 6000 il bundan əvvəl kifayət dərəcədə yüksək səviyyədə idi. Avropada isə bu zaman bəşəriyyət daş əsri deyilən səviyyəyə yenicə çatmışdı. “Ümumi zootexniya”.
Daşa basmaq – daşlamaq, üstünə daş yağdırmaq, daş atmaq.
Daşa dönmək – 1) bərkimək, daş kimi bərk olmaq;
2) məc. ürəyi sərtləşmək, heç bir şeydən mütəəssir olmamaq, təsirlənməmək.
Daşa dönmüş – ürəyi bərk, sərt, rəhmsiz, şəfqətsiz, mərhəmətsiz adam haqqında.
Daşdan cavab istəmək (axtarmaq) – çox bərk utanmaq, utandığından deməyə heç bir söz tapmamaq.
Daşdan keçmək – çox təsirli olmaq, hər yerdə işə keçmək. Bu vəsiqə daşdan keçər.
Daşdan yumşaq – keyfiyyətindən asılı olmayaraq yeyilə bilən hər şey; dişədəyən.
Daşı daş üstündə qoymamaq – tamamilə dağıtmaq, darmadağın etmək, dağıdıb viranəyə çevirmək.
Daşı ətəyindən tökmək (atmaq) – fikrindən daşınmaq, rəyini dəyişmək, görmək istədiyi bir işdən vaz keçmək, höcəti buraxmaq.
Daşı sıxsa suyunu çıxarar – çox güclü, qüvvətli, sağlam adam haqqında.
Daşın böyüyündən yapışmaq, daşın böyüyünü götürmək – öhdəsindən gələ bilmədiyi, bacara bilmədiyi bir işdən yapışmaq.
Daşını atmaq – azad olmaq, yaxasını qurtarmaq; əl çəkmək, tərk etmək.
Daşlar dilə gəldi – bir hal, ya hadisənin çox ağır, dözülməz, faciəli olduğunu bildirir.
Bir daş altda, bir daş üstdə – gizli saxlanmalı, heç kəsə deyilməməli sirr halında.
Bir daşla iki quş vurmaq – bir dəfə zəhmət çəkməklə iki iş görmək, iki şeyi əldə etmək.
Daş asılmaq – gec qızmaq, gec qaynamaq. Samovar qaynamır, deyəsən, altından daş asılıb.
Oxu daşa toxunmaq – bərkə düşmək, ciddi maneəyə rast gəlmək, işin baş tutmasına ciddi əngəl çıxmaq.
Özünü daşdan daşa çırpmaq (vurmaq) – bir şeyi əldə etmək üçün özünü hər cür çətinliyə vurmaq, hər cür çətinlik və məhrumiyyətə məruz etmək.
Üstünə bir daş – bax bir daş altda bir daş üstdə.
Üstünə daş qoymaq – sirri gizli saxlamaq, heç kəsə bildirməmək.
DAŞ nədir? – DAŞ nedir? – DAŞ sözünün mənası – DAŞ sozunun menasi – DAŞ nə deməkdir? – DAŞ ne demekdir? – DAŞ sözünün izahı – DAŞ sozunun izahi – DAŞ sözünün istifadəsi – DAŞ sozunun istifadesi