BARMAQ
1. İnsanın və bəzi heyvanların əl və ayaqlarının qurtaracağındakı beş mütəhərrik üzvdən hər biri. Baş barmaq. Şəhadət barmağı. Orta barmaq. Adsız barmaq. Çeçələ barmaq. Barmaqlarının ucunda (yavaşca, ayaqlarının altını yerə vurmadan).
// Əlcəkdə barmaq keçirilən yer.
2. Maşın və mexanizmlərin milə oxşar girdə hissəsi – detalı.
// Ümumiyyətlə, barmağa oxşayan hər şey.
3. Təkərlərin dəndənəsindən çənbərinə qədər uzanan çubuqların hər biri.
4. Məhəccər, sürahi ağacı.
5. Yaba və şananın hər bir dişi, ucu.
6. Barmaq uzunluğunda, barmaq boyda.
// Adətən “bir”, “bircə” sözləri ilə – azacıq, çox az, çox kiçik, çox xırda, bir tikə.
// Qatı bir mayeyə batırıldıqda bir barmağın aldığı miqdar. Bir barmaq doşab.
7. Şeirdə: heca ölçüsü, misralardakı hecaların sayına əsaslanan ölçü.
8. dan. Çalğıçının əsas musiqi melodiyasına uyğun olaraq əlavə etdiyi ahəng.
// Simli musiqi alətində (tar, kamança, saz və s.) çalan müəyyən ifaçının işlətdiyi və yalnız ona xas olan xırda musiqi ibarələri.
□ Barmağı yatmamaq – çalmağı öyrənə bilməmək, çalğı alətində ahəngi tuta bilməmək.
9. Tənək, nar və s. bu kimi kolların, yaxud çiçəklərin şitil çubuğu.
◊ Barmağı dişində – heyrət içində, matməəttəl.
Barmağı olmaq – əli olmaq, xəbəri olmaq, bir işin gizli iştirakçısı olmaq (adətən mənfi mənada). Bu işdə yəqin onun da barmağı var.
Barmağına dolamaq – ustalıqla aldatmaq, tovlamaq, ələ salmaq, oynatmaq, sarımaq.
Barmağını dişləmək – nə isə bir şey yadına düşərək fikrə getmək; anlamaq, duymaq, başa düşmək.
Barmaq silkələmək – hədələmək, qorxutmaq.
Barmaq uzatmaq – başqasının işinə qarışmaq.
Barmaq yeri – bəhanə, girəvə.
Barmaqla göstər(il)mək – məşhur olmaq, tanınmaq, adı çıxmaq (yaxşılıqda, ya pislikdə).
Barmaqla sayılmaq – çox az şey haqqında.
Beş barmağı kimi tanımaq – çox yaxşı tanımaq, bilmək, bələd olmaq, təfərrüatına qədər bilmək.
BARMAQ nədir? – BARMAQ nedir? – BARMAQ sözünün mənası – BARMAQ sozunun menasi – BARMAQ nə deməkdir? – BARMAQ ne demekdir? – BARMAQ sözünün izahı – BARMAQ sozunun izahi – BARMAQ sözünün istifadəsi – BARMAQ sozunun istifadesi