is. 1. Qaraciyər.
2. Ürək, qəlb mənasında.
Ey Füzuli, ol sənəm əfğanıma rəhm eyləməz; Daşə bənzər bağrı, təsir eyləməz əfğan ona. Füzuli.
Edən qan qönçə tək bağrım o ləli-abidar olmuş. Nəbati.
Oxuduqca şirin-şirin diliniz; Bağrım olur şana-şana, durnalar. M.V.Vidadi.
◊ Bağrı çatlamaq – 1) davam gətirməyib ölmək, ürəyi partlamaq. Atı o qədər bərk sürdü ki, heyvanın az qala bağrı çatlamışdı.
– [Tarverdi:] Əgər Pərzad məni bu halda görə bilsəydi, qorxudan bağrı çatlardı. M.F.Axundzadə.
Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn edərək təəssüflənirdi. M.S.Ordubadi.
[Əbdül:] İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir, bağrı çatlar. C.Cabbarlı;
2) bax bağrı yarılmaq;
3) ürəyi bərk darıxmaq.
Uşaq olmasaydı, qızın bağrı çatlardı. M.S.Ordubadi.
[Vəli:] Yaxşı ki, bir yerdəyik, tək olsaydıq, adamın bağrı çatlardı. M.Hüseyn.
Bağrı daşa dönmək – çox sərt olmaq, insafsız olmaq, rəhmsiz olmaq, sərtləşmək.
Təğafül etməyin, Allahı sevər; Dönməsin bağrınız daşa, durnalar. Q.Zakir.
Bağrı dəlinmək – bax bağrı qan olmaq (qana dönmək).
Bəs olmadı, getdi yar əlindən; Həm bağrı dəlindi xar əlindən. Məsihi.
Bağrı qan olmaq (qana dönmək) – son dərəcə müztərib və mütəəssir olmaq, kədərlənmək, qüssələnmək.
Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər.
Bağrı yanmaq – 1) susamaq;
2) məc. həsrət çəkmək, hicran keçirmək.
Bax bu qaşa, bax bu gözə; Yandı bağrım, döndü közə. Aşıq Ələsgər.
Bağrı yarılmaq – 1) ölmək;
2) bərk qorxmaq, dəhşətə düşmək.
Bağrım yarılır xəncəri-bürranını görcək. M.Ə.Sabir.
[Məşədi Əsgərin] silisçidən bağrı yarılırdı. S.M.Qənizadə.
[Gülnisə:] Danışanda adamın gözünün içinə bir tövr baxır ki, az qalır adamın bağrı yarılsın. Ə.Haqverdiyev.
[Döyüldüyü üçün] uşaq molladan qaçar və molla adı gələndə bağrı yarılardı. H.Sarabski.
Bağrına basmaq – məhəbbətlə, nəvazişlə qucaqlamaq.
Tutuban bağrına basdın o səri-zülfü, könül; Belə fikr eylədin, ol müşk sənin canındır. S.Ə.Şirvani.
Oturmuş ana, basmış bağrına; Nazlı körpəsin, lay-lay der ona. A.Səhhət.
Xədicə rəngi qaçmış … halda içəri girdi və uşaqlarını bağrına basıb … ağladı. S.S.Axundov.
Bağrını çatlatmaq – bax bağrını yarmaq.
Bağrını dəlmək – son dərəcə kədərlənmək.
Bağrını qana döndərmək (qan eləmək) – həddən artıq kədərləndirmək, iztirab vermək.
Ləli-nabin həvəsi bağrımı qan eylədiyin; Ah kim, qanlı yaşım qılmadı izhar sana. Füzuli.
Ələsgərəm, sana qurban; Gəl eyləmə bağrımı qan! Aşıq Ələsgər.
Bağrını yarmaq – 1) öldürmək;
2) bərk qorxutmaq, dəhşətə salmaq. Bütün dağlar arasında İskəndər bəyin adı söylənirdi.
İgidlikdə, at çapmaqda, düşmən bağrı yarmaqda tayı-bərabəri yox idi. Ə.Haqverdiyev.
Yuvasında eşələnən bir qırğı onların bağrını yarmışdı. Mir Cəlal.
[Xəlil:] Ay balam, bir az özünə toxtaqlıq ver, uşaqların bağrını yarma. P.Makulu.