ÜZ
1. İnsan başının qabaq hissəsi; surət, sifət, çöhrə, sima. Üzünün ifadəsi. Qəşəng üz.
// Heyvan başının qabaq hissəsi. Qoyunun üzü. İtin üzü.
2. Toxunma şeylərin üst (avand) tərəfi (astar müqabili). Parçanın üzü. Xalçanın üzü.
// Yorğan, balış, döşək və s.-nin üst tərəfini örtən parça və s. Yorğanın üzü qırmızıdır. Döşəyə üz çəkmək.
3. Bir şeyin qabaq tərəfi, ön tərəfi, irəli tərəfi, qabağı, önü.
// Bir tikilinin, binanın və s.-nin qabaq, ön tərəfi; fasad.
4. riyaz. Həndəsi fiqurun başqa səthlə bucaq təşkil edən düz səthi. Kubun altı üzü var.
5. Bir şeyin köçürülmüş, yazılmış surəti, nüsxəsi.
□ Üzünü köçürtmək – bir yazının mətnini olduğu kimi başqa kağıza köçür(t)mək, başqa kağızda yazmaq.
6. Su və s. mayelərin səthi, üst tərəfi, üstü. Gölün üzü. Suyun üzündə ördəklər üzür.
7. Göyün biz gördüyümüz tərəfi. Göyün üzünü bulud örtmüşdür. Səmanın üzü açıqdır.
□ Üzünə pərdə çəkmək – örtünmək, bir şeyin altında görünməz hala gəlmək, gizlənmək.
8. “Tərəf”, “səmt”, “yan” mənasında (o, bu, bəri, o biri və s. sözlərdən sonra işlədilir). Təpənin o üzü. Çayın bu üzü.
9. məc. Abır, həya, utanma. Adamda üz gərək.
◊ Üz açılmaq – bax üzü gülmək.
Üz ağartmaq – yaxşı işi, nəcib hərəkəti, etimadı doğrultmağı və s. ilə fəxr etməyə, iftixar etməyə əsas vermək, hüquq vermək. Yaxşı iş üz ağardar. ( Ata. sözü ).
Üz ağlığı – fəxr etməyə, iftixara layiq olan iş, hərəkət və s. Yaxşı övlad üz ağlığıdır.
Üz almaq – keçmişdə: qadınların eşmə sapla üzlərinin tüklərini yolub təmizləməsi.
Üz bozartmaq – bax üzünü bozartmaq.
Üz çevirmək – 1) bax üz döndərmək 1 və 3-cü mənalarda;
2) bax üz qoymaq 1-ci mənada. Gülgəz dəli olub, yoxsa divana? Üz çevirib gedər çöl-biyabana. Aşıq Abbas;
3) birini görməmək üçün üzünü o biri tərəfə çevirmək.
4) əlaqəsini kəsmək, üz döndərmək.
Üz çevirməmək – bir yerə daha getməmək, ayağını üzmək.
Üz döndərmək – 1) əlaqəsini kəsmək, daha yaxınlıq etməmək, üz çevirmək.
2) məc. xəyanət etmək, daha inanmamaq, üz çevirmək.
3) itaətindən çıxmaq, daha tabe olmaq istəməmək, dal çevirmək.
4) çevrilmək, başını çevirmək.
Üz gətirmək – nadinclik etmək, sırtıqlıq etmək.
Üz görmək – tərəf saxlamaq, tərəfgirlik etmək, havadarlıq etmək.
Üz göstərmək – 1) zahirən bu və ya başqa cür münasibət göstərmək.
2) bax üz vermək 2-ci mənada.
Üz götürüb qaçmaq – bax baş götürüb qaçmaq.
Üz qoymaq – 1) yönəlmək, üz tutub getmək, yollanmaq, istiqamət almaq.
2) adətən feillərdən sonra gələrək həmin felin ifadə etdiyi hərəkətə, işə başlamağı ifadə edir.
Üz tutmaq – 1) söz demək üçün üzünü birinə tərəf çevirmək, üzünü çevirərək demək.
2) bax üz qoymaq 1-ci mənada.
3) başlamaq.
Üz vermək – 1) vaqe olmaq, ortaya çıxmaq, baş vermək, olmaq; təsadüf etmək, birinin başına gəlmək. Bədbəxtlik üz vermək.
2) adətən xoşagəlməz bir işi görməsinə mane olmamaq, bu işə laqeyd baxmaq, ona şərait yaratmaq, xoş sifət göstərmək.
3) hücum etmək, üstünə cummaq. Canavar üz verdi sürüyə.
Üz vurmaq – 1) bir işi görməyi və ya görməməyi dostcasına, yoldaşcasına tələb etmək, xahiş etmək, israr etmək. Xahiş edirəm, üz vurmayasınız, sizinlə gedə bilməyəcəyəm;
2) dan. yeşik və s.-yə yığılan meyvənin yaxşısını üzünə düzmək. Pomidor yeşiyinə üz vurmaq. Üzüm səbətinə üz vurmaq.
Üzə çıxarmaq – 1) meydana çıxarmaq, tapmaq.
2) köhn. qeyriqanuni, gizli vəziyyətdən çıxararaq adi həyata qaytarmaq. Qaçağı üzə çıxarmaq.
Üzə çıxmaq – 1) daha gizlənməyib açıq yaşamağa başlamaq (qaçaq, cani, oğru və b. haqqında).
Oğrular üzə çıxdılar.
2) dan. öz bacarığı, qabiliyyəti və s. müsbət xüsusiyyətləri sayəsində irəli getmək, həyatda, cəmiyyətdə özünə layiq yer tutmaq.
3) aşkara çıxmaq, aşkar olmaq, müəyyənləşmək, məlum olmaq. Kimin yaxşı, kimin pis işlədiyi çox tez üzə çıxır;
4) adamlar arasına çıxmaq, gözə görünmək.
Üzə durmaq – 1) inad etmək, öz dediyindən, tələbindən əl çəkməmək. Bağça barın istəyir; Heyva, narın istəyir; Oğlan üzə durubdur; Getmir, yarın istəyir. (Bayatı);
// məc. mənada.
2) itaətdən çıxmaq, inad göstərmək.
Üzə gülmək – 1) öz gözəlliyi, cazibədarlığı və s. ilə xoşlandırmaq, oxşamaq, xoşa gəlmək, cəzb etmək. Yeni binalar üzə gülür. – [Xalçanın] xüsusi zövqlə vurulan naxışları bahar çiçəyi kimi üzə gülürdü. (Qəzetlərdən);
2) yalandan üzdə özünü dost göstərmək, yalandan xoş sifət göstərmək. [Əsma xanım:] Üzə gülən imiş o qəlbiqara; Hardan meyil verdim o biilqara. “Lətif şah”.
Üzə qabarmaq (qayıtmaq) – cavab qaytarmaq, üzə durmaq; itaətdən çıxmaq.
Üzə salmaq – bax üzünə salmaq.
Üzə vermək – göstərmək, bildirmək, büruzə vermək. Narazılığını üzə vermək.
Üzə vurmamaq – ürəyində olan, yaxud gördüyü, bildiyi bir şeyi deməmək, bildirməmək, hiss etdirməmək.
Üzü ağ çıxmaq – bəslənilən ümidi, tapşırılan işi namusla yerinə yetirən adam haqqında.
Üzü ağ olmaq – yaxşı işinə, əməlinə, təmizliyinə görə fəxr etməyə layiq olmaq; etimadı doğrultmaq.
Üzü astarından baha başa gəlmək (oturmaq) – bax astarı üzündən baha başa gəlmək (“astar”da).
Üzü dönmək – bax üz döndərmək 1 və 2-ci mənalarda.
Üzü gəlməmək – bir şeyi deməyə, istəməyə utanmaq, xəcalət çəkmək. [Molla:] Daha başqa mükafat istəməyə üzüm gəlmir. “M.N.lətif.
Üzü gülmək – sevinci üzündən bəlli olmaq.
Üzü gülməmək – həmişə qaşqabaqlı olmaq, üzü kədər ifadə etmək. Bu gündən sonra mehriban Soltanın üzü gülmədi, könlü qəmli, gözləri nəmli oldu, saralıb solmağa başladı. “Lətif şah”.
Üzü qara etmək – xəcalətli etmək.
Üzü(n) ağ olsun! – çox vaxt töhmət, məzəmmət, narazılıq məqamında işlədilir.
Üzü(n) qara olsun – nifrət, danlaq, məzəmmət bildirən ifadə.
Üzümüzə gələn – qarşıdakı. Üzümüzə gələn bayram.
Üzün qara olsun! – qarğış, danlaq məqamında işlədilir.
Üzündə abır (həya, abır-həya) olmamaq – həyasız, utanmaz, ədəbsiz adam haqqında.
Üzündə su yoxdur – həyasız, abırsız adam haqqında.
Üzündə yazılıb (yazılmışdır) – üzünə baxdıqda aydın olur, üzünə baxan kimi məlum olur.
Üzündəki qırış (qırışlar) açılmamaq – bax üzü gülməmək.
Üzündən gəlməmək – bax üzü gəlməmək.
Üzündən keçə bilməmək – yaxın dost və ya hörmətli bir şəxs olduğuna görə xahişini, sözünü yerə sala bilməmək.
Üzündən qan qaçmaq – üzünün rəngi saralmaq, üzünün qanı çəkilmək.
Üzündən oxumaq – üzündən, üzünün ifadəsindən bilinmək, məlum olmaq, bəlli olmaq. Onun ürəyindəkiləri üzündən oxumaq olur.
Üzündən zəhər tökülmək (yağmaq) – çox hirsli, acıqlı, qaşqabaqlı, üzügülməz adam haqqında.
Üzünə ağ olmaq – itaətindən çıxmaq, tabe olmamaq, üzünə qabarmaq.
Üzünə baxan (baxsa) kəffarə verməlidir (gərək kəffarə versin) – çox çirkin, kifir adam haqqında.
Üzünə bir batman darı töksən biri (birisi) də yerə düşməz – üzü çopur adam haqqında.
Üzünə (dik, şax) demək (söyləmək) – birisinin nöqsanını və ya onun haqqındakı fikri və s.-ni dalınca deyil, özünə demək.
Üzünə durmaq – 1) ibtidai istintaqda və ya məhkəmə prosesində birisinin təqsirini, cinayətini özünə demək. Şahid müttəhimin üzünə durdu. Mütəzərrir müqəssirin üzünə durdu;
2) bax üzünə ağ olmaq.
Üzünə ələk (dəsmal, pərdə) tutmaq – yalandan özünü utancaq kimi göstərmək.
Üzünə gülmək – xoşuna gəlmək, cəlb etmək.
Üzünə gün doğmaq – xoşbəxt yaşamağa başlamaq, taleyi gülmək, bəxti açılmaq, fərəhlənmək.
Üzünə qabarmaq (qayıtmaq) – bax üzə qabarmaq (qayıtmaq).
Üzünə qan səpilmək (çilənmək) – hirsindən üzü qızarmaq.
Üzünə pərdə çəkmək – maskalanmaq, özünü dost kimi göstərmək.
Üzünə salmaq – həyasızlıqla, sırtıqlıqla bir şeyi əldə etmək üçün çalışmaq.
Üzünə vurmaq – 1) bir adamın eybini, qüsurunu, çatışmayan cəhətini kobudcasına özünə demək. [Teymur] elə zənn eləyir ki, Molla onun çolaqlığını üzünə vurmaq istəyir. “M.N.lətif.
2) etdiyi yaxşılığı xatırladaraq utandırmaq, minnət qoymaq.
Üzünü açmaq – 1) qeyri-münasib bir sözü deməklə və ya başqa bir hərəkəti ilə uşağın tərbiyəsinə, əxlaqına pis təsir göstərmək.
2) keçmişdə: çarşabı üzündən kənar etmək, üzünü göstərmək.
3) məc. qızlığını almaq, bəkarətini, ismətini pozmaq.
Üzünü ağ etmək (eləmək) – bax üzünü ağartmaq 1-ci mənada.
Üzünü ağartmaq – 1) bax üz ağartmaq. Qulluqçu ağanın üzünü ağardar. (Ata. sözü.).
2) bir yazının ilk mətnini, qaralamasını təmiz köçürtmək, üzünü köçürmək.
Üzünü bozartmaq – 1) bax sifətini (üzünü) bozartmaq (“bozartmaq”da).
Nəbi üzünü bozardıb dedi: – Sən bizdən nə istəyirsən? “Qaçaq Nəbi”;
2) özünü göstərmək, öz xasiyyətini, xüsusiyyətini büruzə vermək (əsasən mənfi cəhətdən).
Üzünü çıxartmaq – bir sənədin, yazının üzünü olduğu kimi köçürmək, surətini çıxarmaq. Diplomun üzünü çıxartmaq.
Üzünü görmə! – pis adam haqqında işlədilir.
Üzünü görək dan. zar. – çoxdan görüşmədiyi yaxın adamla görüşərkən deyilir.
Üzünü görmək istəməmək – zəhləsi getmək, nifrət etmək, görüşmək istəməmək.
Üzünü güldürmək – şənləndirmək, sevindirmək, kefini açmaq.
Üzünü qara etmək – bax üzü qara etmək.
Üzünü mürdəşir yusun! dan. – qarğış məqamında işlədilir.
Üzünü turşutmaq – üz əzələlərini yığmaq, üzünü qırışdırmaq, surətilə öz narazılığını, məmnunsuzluğunu ifadə etmək.
Üzünü tutmaq – 1) üzünü çevirib demək, müraciət etmək, üz tutmaq, üzünü döndərmək (çevirmək).
2) bax üz tutmaq.
Üzünün əti (suyu) tökülmək – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək, abrı getmək (tökülmək).
Üzünün qanı qaçmaq – bax üzündən qan qaçmaq.
Üzünün suyunu tökmək – bərk danlamaq, biabır etmək, rüsvay etmək.
Alnı açıq, üzü ağ – bax alnı açıq.
Astarı üzündən baha (baha başa gəlmək) – bax astar.
Hansı üzlə – bax nə üzlə.
Qapını üzünə çırpmaq – bax qapı.
Nə üzlə – nə cəsarətlə, nə əsasla, nəyə arxalanaraq, nəyə güvənərək, nə haqla.
Taleyi üzünə gülmək – bax tale.
ÜZ nədir? – ÜZ nedir? – ÜZ sözünün mənası – ÜZ sozunun menasi – ÜZ nə deməkdir? – ÜZ ne demekdir? – ÜZ sözünün izahı – ÜZ sozunun izahi – ÜZ sözünün istifadəsi – ÜZ sozunun istifadesi