sif. Dinc, sakit, fağır, aciz. Yazıq adam.
– Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər.
Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı… A.Səhhət.
Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn.
// İs. mənasında.
[Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani.
Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı.
// Acınacaqlı, zavallı, bədbəxt.
Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli.
[Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. A.Şaiq.
[Musa kişi:] Arvad, … bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov.
□ Yazığı gəlmək – rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir.
– …Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan… S.S.Axundov.
// İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir.
Ay yazıq! – [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.