is. [
ər. ]
1. Bacarıq, məharət, ustalıq, qabiliyyət, fərasət. Belə bir işi görmək üçün hünər lazımdır.
– …Hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana… C.Məmmədquluzadə.
Sənət bir hünərdir, bəli, bir hünər; Ayağın qoy alsın gücünü yerdən. N.Xəzri.
□ Hünər etmək – 1) bax hünər göstərmək.
[Qoca kəndli:] Bunun yarısını əkə bilsək, böyük hünər eləmiş olarıq. Ə.Haqverdiyev;
2) cəsarət etmək, şücaət göstərmək.
Hünər göstərmək – öz ustalığını, məharətini, bacarığını nümayiş etdirmək.
Şiraslan belə bir iş görmək, bir hünər göstərmək istəyirdi. S.Rəhimov.
Bəs Yaşar necə bir hünər göstərmişdi ki, ona bu cür ad qoymuşdular? M.Rzaquluzadə.
…hünəri deyil – bacarmaz, edə bilməz, əlindən gəlməz.
Gilavarın xətir-hörmət nəzərə almadığı belə bir zamanında … hətta … daldalarda gəzmək hər oğulun hünəri deyildi. B.Bayramov.
2. Çətin şəraitdə mühüm bir işi, tədbiri, tapşırığı həyata keçirmək üçün rəşadət, şücaət, qoçaqlıq, fədakarlıq.
– [Koroğlu:] Aləmə bəlli hünərim; Çənlibeldə dəlilərim; Mərd igidə peşkəş sərim; Qaçırtmaz meydandan məni. “Koroğlu”.
Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri; Ağızlardanağızlara gəzər onun hünəri. S.Vurğun.
□ Hünər göstərmək – qəhrəmanlıq etmək, qoçaqlıq, igidlik göstərmək.
Qolac qollarımı gərrəm; Meydanda hünər göstərrəm. “Koroğlu”.
Oğlum bu gün cəbhədədir, nərə çəkir bir nər kimi; Mənim gənclik illərimdə göstərdiyim hünər kimi. S.Vurğun.
3. klas. Sənətkarlıq, ustadlıq, istedad. Hünər sahibi.
– Alimin ki özündə yoxdur hünər; Eləməz bir kəsə kəlamı əsər. S.Ə.Şirvani.
Ustadın işin, işlədiyin xam nə bilsin? Elmin, hünərin qiymətin islam nə bilsin? M.Ə.Sabir.