is. Top, tüfəng, tapança kimi odlu silahlardan atmaq üçün qurğuşundan düzəldilmiş girdə və uzunsov mərmicik. Top gülləsi. Tüfəng gülləsi.
– [Heydərqulunun] kürəyindən dəyən güllə sol ciyərini parçalayaraq böyründən çıxmışdı. Ə.Sadıq.
[Ovçu:] Niyə tələsdiniz? – dedi, – yaxşı ki güllələriniz dəymədi… M.Rzaquluzadə.
□ Güllə açılmaq – atəş açılmaq, atılmaq (odlu silah haqqında).
Yarım saat keçmədən soldan bir güllə açıldı. H.Nəzərli.
Güllə atmaq – odlu silahdan atmaq, atəş açmaq.
Havaya birbirinin ardınca üç güllə atdım. M.Rzaquluzadə.
Səhərə yaxın dalbadal iki güllə atıldı. İ.Şıxlı.
Güllə boşaltmaq – bax güllə atmaq.
Bir haray yuxuma güllə boşaltdı; Bir duyğu səsiymiş oyadan məni… M.Araz.
Güllə yağdırmaq, gülləyə basmaq (tutmaq) – hər tərəfdən çoxlu güllə atmaq.
[Nəbi] qaçaqlar gələn kimi onları gülləyə basıb pərən-pərən edir. “Qaçaq Nəbi”.
…Quldurlar bunları təzədən gülləyə tutdular. S.S.Axundov.
◊ Güllə kimi – 1) çox tez, çox cəld, çox sürətli.
Rəna qapıdan güllə kimi çıxdı. S.Rəhman.
O, … dəftəri götürüb güllə kimi pilləkənlə üzüaşağı yüyürür. Ə.Məmmədxanlı;
2) çox kəskin, çox ağır, çox təsirli.
Paşanın sözü Həsən xana güllə kimi dəydi. “Koroğlu”.
Axırıncı söz güllə kimi Rüstəm kişinin sinəsini dəldi. M.İbrahimov.
Güllə mənzili – güllə atılan yerdən güllənin düşdüyü yerə qədər olan məsafə. Kəndə qədər bir güllə mənzili qalmışdı.
Güllə sıxmaq – odlu silahı hədəfə yapışdıraraq vurmaq.
Cibimdə silahım olsaydı, ürəyimə bir güllə sıxardım. Mir Cəlal.
[Ələmdar] öz gülləsini Müqim bəyin kürəyinə sıxıb ağasının ciyərini çıxartdı. S.Rəhimov.
Güllə tökmək – ərinmiş metaldan güllə qayırmaq.
Gülləni gülləyə düzmək – çoxlu güllə atmaq, ara vermədən atəş açmaq.