1. sif. Qarışıq, dolaşıq, davalı, qalmaqallı, şər.
[Dilara Ağagülə:] Nə üçün bütün bu cəncəl işlərdə gərək həmişə sən iştirak eləyəsən? Ə.Məmmədxanlı.
Fotoqraf… özünü cəncəl işlərdən uzaq tuturdu… S.Vəliyev.
2. Davakar, qalmaqalçı, öcəşkən, böhtançı, şər. Cəncəl adam.
– [Mürşüd:] Sadığı gözləyirəm, bəs necə? O yazıq da mənim kimi düşmüşdü bir cəncəl arvadın əlinə, güclə yaxasını qurtardı. S.Rəhman.
[Çiyələk Hidayətə:] Cəncəl müştəri görməmisən… B.Bayramov.
// is. Dava, qalmaqal, qovğa, mübahisə.
[Pəri Bəhrama:] Yenə nə olub, Saranın əhvalındanmı əhvalın qarışıb? C.Cabbarlı.
Bunun nigahında da cəncəldən başqa bir şey görmədim. S.Rəhimov.
[Zülfüqar:] Rayona təzə gəlmişəm, aqronomam.
Sizin camaatın cəncəlini kəsməyə gəlmişəm. B.Bayramov.
□ Cəncəl çıxartmaq – səbəbsiz yerə dava salmaq, qalmaqal salmaq, qovğa salmaq.
[Baxşı:] Canım, bir şey yoxdur, biz hələ burada çalıb oynayırdıq, bu oğlan gəldi, cəncəl çıxartdı. C.Cabbarlı.
[Cəmilə] özilə həyat yoldaşı olacaq bir adamın … ictimai bir yerdə cəncəl çıxarıb xuliqanlıq etməsinə bir məna verə bilməyirdi. S.Hüseyn.
Cəncəl eləmək (salmaq) – dava eləmək (salmaq), qalmaqal salmaq.
[Məşədi İbad Həsənqulu bəy və Həsən bəyə:] Cəncəl eləmək neyçün? Kişinin hamamında iki saatdır ki, çimibsiniz… Ü.Hacıbəyov.
Cəncələ salmaq – davaya salmaq, qalmaqala salmaq, pis, xoşagəlməz bir işə salmaq.
[İmamyar Türbətə:] Axır bilirəm, siz məni bir cəncələ salacaqsınız. C.Cabbarlı.